Kitabxana informasiya mərkəzi

     Həsənova Zinharə
Kitabxana direktoru v.i.e

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti mürəkkəb və şərəfli bir yol keçmiş, respublikamızda maarifin, elmin, milli mədəniyyətin təşəkkülü, təkamülü və hərtərəfli inkişafı sahəsində xüsusi xidmətlər göstərmiş, qədim, zəngin tarixə malik xalqımızın çoxəsrlik elmi fikrini, mədəni, mənəvi irsini ləyaqətlə davam etdirmiş, 100 illik fəaliyyəti ərzində təhsil sistemi və elmi-tədqiqat müəssisələri üçün, 85 mindən çox yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlanmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci il 26 avqust tarixli-Azərbaycan XKS-nın sədri N.Nərimanovun imzaladığı dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlamışdır. Həmin ildən də kitabxananın yaranmasının əsası qoyulmuşdur. İlk dövrdə dərs deməyə müəllimlər çatmadığı kimi dərsliklər də çatışmırdı(xüsusən ana dilində) İlk illər institut əməkdaşları və müəllimləri kitabxananın təşkil olunmasına çalışırdılar-onlar özlərində olan ədəbiyyatı və hətta öz mühazirə mətnlərinin surətini tələbələrin istifadəsi üçün kitabxanaya verirdilər. İnstitutda dərs deyən müəlimlərdən Fətulla Rzabəyli, Həbib Mahmudbəyov, Rəhim Cəfərov, Abdulla Şaiq və onlarla başqalarının səyi nəticəsində bu çətinliklər tədricən aradan qaldırlırdı.

Daim inkişaf etməkdə olan kitabxananın fondu 1970-ci illərdə müqayisə edilməz dərəcədə genişlənmişdir. Bu illərdə kitabxana digər respublikalarla və Sovet ölkəsinin 10 ən böyük şəhərlərinin pedaqoji institutlarının kitabxanaları ilə əlaqə saxlayır, həm də institutun nəşrlərini daha geniş yaymaq məqsədilə kitabxana mübadiləsi aparırdı. Moskva, Leninqrad, Kiyev və onlarla böyük şəhərlərdən poçt vasitəsilə ədəbiyyat alırdı. Hətta kitabxanamız Bolqarıstanın Safiya şəhərinin universitet kitabxanası ilə də kitab mübadiləsi aparırdı.

Ümummilli lider H.Əliyev kitabxanaları “xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, zəka mənbəyi” adlandırmışdır. Kitaba və kitabxanaya böyük qiymət verən ümummilli lider özü də bir çox dünya başçısına müyəssər olmayan qiymətli, çoxcildli kitabların müəllifi kimi tanınmışdır. H.Əliyevin təşəbbüsü ilə respublikamızda mədəniyyətin ayrı-ayrı sahələri haqqında qanunlar qəbul edilmişdir.

1999-cu ildə “Kitabxana işi haqqında”Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Əsası ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş kitabxana siyasətini son illərdə respublikamızın Prezidenti İlham Əliyev böyük məhəraətlə həyata keçirir.

20 aprel 2007-ci ildə Prezidentin imzaladığı “Azərbaycanda Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı bir daha sübut edir ki, İlham Əliyev ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də apardığı siyasətin layiqli davamçısıdır.

ADPU -nun Elmi Şurasının 26 oktyabr 2016-cı il tarixli qərarı ilə Universitetin Kitabxana- İnformasiya Mərkəzinin Əsasnaməsi təstiq edilmişdir.Kitabxana İnformasiya Mərkəzi hazırda 27 əməkdaş olmaqla “Oxuculara xidmət ” , “Komplektləşdirmə və kitabişləmə” ,”Biblioqrafiya və İnformasiya”, “Elektron resurslar və elektron kataloq” şöbələri ilə oxuculara xidmət edir.

Hal-hazırda kitabxananın fondu 742.113 nüsxə ədəbiyyat təşkil edir. Bunlardan 677.734 nüsxə kitab və kitabçalar, 3240 jurnal, 1179 dissertasiyalar, 17.524 avtoreferatlar, 4800 magistr dissertasiyalar təşkil edir.

Kitabxananın fondunda hal-hazırda kiril əlifbası ilə 640 adda 47360 nüsxə dərslik və dərs vəsaiti, latın əlifbası ilə fondun sayı  9451 adda 75154 nüsxə təşkil edir.Bunlardan 33569 nüsxə dərslik və dərs vəsaitləridir.

Kitabxana -İnformasiya Mərkəzinə mütəmadi olaraq daxil olan ADPU -nun nəşrlərindən “Pedaqoji Universitetin Xəbərləri” jurnalının “Riyaziyyat və təbiət elmləri “ seriyası, “Hümanitar , ictimai və pedaqoji -psixoloji elmlər” seriyası, “Tarix ,insan və cəmiyyət” elmi -nəzəri və elmi-metodik jurnalı, “Musiqi elmi,mədəniyyət və təhsilin aktual problemləri” jurnalı ,“Təhsildə İKT” və s. jurnallar professor- müəllim heyətinin daim müraciət etdiyi resurslardır.

Eyni zamanda fondda 1000 nüsxə nadir kitablar mühafizə olunur.
Fondun həcminə görə universitetin kitabxanası respublika universitet kitabxanaları arasında ikinci yerdədir.

2019 -cu il iyul ayından Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytı fəaliyyətə başlamışdır.Saytın menyu bölməsində “Ana səhifə”,  “Elm və innovasiyalar üzrə prorektorluq”,”Struktur”,”Elektron kitabxana”,”Əlaqə” bölməsi yerləşdirilmişdir.Sayt sərbəst fəaliyyət göstərir ,istifadəçilər bu sayta daxil olmaqla kitabxana haqqında məlumat ala bilər və elektron kataloq vasitəsi ilə Online rejimində daha operativ axtarış apara bilərlər.Təqdim olunmuş saytda kataqoriyalar üzrə çoxlu sayda dərslik , dərs vəsaitlərinin PDF -ləri yerləşdirilmişdir.

Yaz və qış imtahan sessiyası müddətində Kitabxana İnformasiya Mərkəzi saat 8.30 -dan axşam 21.00 -dək oxuculara xidmət edir.